Həllər

Miqrasiya


Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqla miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir. Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün Dövlət Miqrasiya Xidməti (DMX) nəzdində Vahid Miqrasiya Məlumat elektron informasiya Sistemi (VMMS) yaradılmışdır. Dövlət Miqrasiya Xidməti (DMX) nəzdində fəaliyyət göstərən Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduğu andan harada olması və nə işlə məşğul olması müşahidə olunur və ciddi nəzarətdə saxlanılır.

 

Bununla yanaşı müvafiq icazələrin alınması və qeydiyyat proseduralarının mürəkkəb olması səbəbindən ölkəmizə gələn əcnəbilər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırdılar. Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 4 mart 2009-cu il tarixində qərara alınan fərmana uyğun olaraq Miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipi tətbiq edilmişdir.

 

Bu çərçivədə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, yaşayış yeri üzrə qeydiyyata alınması, müvafiq vəsiqələrin verilməsi, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu VMMS vasitəsi ilə həyata keçirilir. DMX VMMS sisteminin İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi (İAMAS) ilə və digər müvafiq dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiyası təmin olunub.