Xəbərlər

«Xalq Kompüter» layihəsinin İKİNCİ mərhələsinə start verildi!


30 iyun tarixində Hyatt Regency mehmanxanasının “Quba” zalında Azərbaycanda rəqəmli bərabərsizliyin aradan qaldırılması və müxtəlif əhali qruplarının informasiya ilə təmin olunması üçün dövlət və özəl təşəbbüslərin əməkdaşlığı məsələsinə həsr olunmuş İnnovasiyalar Günü keçirildi.

 

İnnovasiyalar Günü Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Microsoft Azərbaycan tərəfindən HP,  Bestcomp Group şirkətlərinin dəstəyilə keçirilmişdir.  

İnnovasiyalar Günü çərçivəsində «Xalq Kompüteri» layihəsinin ikinci  mərhələsinin başlanması haqda razılaşma imzalandı. Layihənin yeni mərhələsi Microsoft Azərbaycan, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Bestcomp Group şirkətinin iştirakı ilə reallaşdırılacaqdır. 

 

Razılaşmanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov, Təhsil Nazirliyinin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Microsoft Azərbaycan şirkətinin baş nümayəndəsi Teymur Axundov, HP Azərbaycan şirkətinin baş nümayəndəsi Rüfət Hacıəlibəyov imzalamışlar. 

 

Bu mərhələdə “Xalq Kompüter” layihəsinin əsas məqsədi yalnız orta məktəb müəllimləri deyil, digər sosial təbəqələrin də  müasir kompüter və lisenziyalı proqram təminatını güzəştli şərtlərlə əldə etməsi üçün şərait yaratmaq, bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyəti dəstəkləməkdən ibarətdir. 

 

2009-cu ilin aprelində başlayan pilot layihə çərçivəsində müəllimlərə güzəştli şərtlərlə 7705  kompüter və lisenziyalı proqram təminatı satılmışdır. 

İmzalanmış razılaşmanın şərtlərinə əsasən, “Xalq Kompüteri” layihəsi çərçivəsində müəllimlərdən başqa orta məktəb şagirdləri və ali təhsil müəssisələrinin tələbələri də kompüter və lisenziyalı proqram təminatını almaq üçün imkan əldə edəcəklər. 

 

Birinci mərhələdə olduğu kimi, yenə də bütün avadanlıqlar 12 ay müddətinə faizsiz kreditə veriləcəkdir. 

“Xalq Kompüteri” layihəsi çərçivəsində təqdim olunan kompüter və lisenziyalı proqramlar dəstinin ümumi qiyməti bazar qiymətlərindən xeyli aşağıdır. Layihə çərçivəsində kompüter alanlar əlavə olaraq kompüter və internet haqda materiallarla, güzəştli şərtlərlə antivirus proqrami və internet xidmətləri,  həmçinin Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş elektron dərsliklərlə təmin olunacaqlar.

 “Aztelekom” İstehsalat Birliyi hər kompüter alan internetə güzəştli giriş imkanını təqdim edəcək. 

Kompüterlərin çatdırılmasını və aylıq ödəmələrin qəbulunu “Azərpoçt” həyata keçirəcək. Kompüter və lisenziyalı proqram təminatının təchizatını HP və Microsoft şirkətlərinin yerli tərəfdaşı – BestComp Group  həyata keçirəcək. 

 

Fərəhlidir ki, Azərbaycan hökumətinin bu sosial yönümlü təşəbbüsü ölkədə əhaliyə düşən kompüterlərin sayını dünyanın orta göstəricilərinə çatdırmağa imkan verəcək.