İnformasiya texnologiyaları müasir cəmiyyətdə mühüm rol oynayır. Müasir insanı, o cümlədən də Azərbaycan vətəndaşını gündəlik həyatda əhatə edən reallıq informasiya texnologiyalarının bolluğu ilə seçilir. Hələ bir neçə il əvvəl informasiya texnologiyaları dedikdə, adətən biz yalnız computer və internet başa düşürdüksə, müasir durumda texnologiyalar müxtəlif səviyyələrdə bizim həyatımızı təmamilə əhatə etmişdir. Artıq bu gün hər hansı bir ölkədə vətəndaşların rifahından danışanda vacib qiymətləndirmə faktorlarından biri informasiya texnologiyalarının insan həyatına inteqrasiyasıdır. Bu istiqamətdə ən əsas vəzifələrdən biri də insanların texnoldogiyalara çıxışının təmin edilməsidir. Bunun üçün isə ilk növbədə əhalinin kompüterlərlə təmin edilməsidir. Məhz kütləvi kompüterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüqüqlü üzvü olmağa və informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə imkan verəcəkdir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsini ölkədə kütləvi kompüterləşmənin ilkin mərhələsi hesab etmək olar.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"-na tam uyğundur.
Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:
- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
- E-hökumətin inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- İntellektual mülkiyyətin qorunması;
- Kompüter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Əhalinin kompüterlərlə təminatına şərait yaratmaq;
- Kompüter sayının dünyanın orta göstəricilərinə çatdırmaq.
İlkin mərhələdə 4 ay müddətini əhatə edən pilot layihə həyata keçirilir. Bu müddət ərzində layihə çərçivəsində müəllimlər kompüterlər əldə edə bilərlər. Gələcəkdə layihənin digər sosial qruplar üçün də (tələbələr, həkimlər, dövlət qlluqçuları və s.) həyata keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində HP şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunmuşdur. Bütün bu avadanlıqlarda Microsoft şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu Azərbaycanın Təhsil Nazirliyi və Microsoft korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.
Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompüteri" layihəsi çərçivəsində təqdim olunan kompüterlər bazar qiymətlərindən 25-40% aşağıdır. Bütün kompüter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklərin, "Aztelekom" İstehsalat Birliyi və BTRİB tərəfindən 100-saatlıq internet kartı təqdim edilmişdir.
Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" Dövlət Müəssisəsi tərəfindən təmin edilir. Pilot layihə "Azərpoçt" Dövlət Müəssisəsi və HP-nin və Microsoft-un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.
"Xalq kompüteri" layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürü hesab etmək olar.
Pilot layihəinin başlanmasından təxminən 2 ay ötsə də, artıq aralıq nəticələr haqqında danışmaq olar. İlk növbədə müəllimlərin aktivliyini qeyd etmək lazımdır. Məktəb müəllimləri ilə apardığı söhbətlərdən yalnız bir ümumi çıxarış etmək olar - kompüterlərin ödənilməsi rahatdır və bu avadanlğın alınmasını çox əlverişli edir. Bizdə olan məlumata görə, artıq 1000-ə yaxın müəllim bu layihə çərçivəsində kompüterlərə sahib olmuşdur. Ola bilər ki, jurnalın çapa getməsindən sonra bu rəqəm daha da böyümüşdür. Əlbəttə ki, indi layihə pilot formasında həyata keçirilir. Lakin bu layihənin yekunlarının analizi digər peşə nümayəndəri üçün də tətbiqini reallaşdıra bilər. Bu isə artıq yüz minlərlə Azərbaycan vətəndaşının müasir kompüterlərlə təmin edilməsi deməkdir.
Şərtlər
Pilot Layihəsində yalnız Respublikanın ümumtəhsil məktəblərinin müəllimləri iştirak edə bilər. Hər müəllim layihə çərçivəsində yalnız bir növ kompüter əldə edə bilər.
1) Layihə müqaviləsinin surəti çap edilir (buradan yükləmək olar - Müqavilə );
2) Müqavilə müəllim tərəfindən doldurularaq imzalanır və məktəbin direktoru tərəfindən təsdiq edilir;
3) Təsdiq edilmiş müqavilə Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinə (və ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinə) göndərilir.
Müqavilə yoxlanıldıqdan sonra "Satıcı" (BestComp Group şirkəti) tərəfindən təsdiq edilir. Bundan sonra müqavilənin bir nüsxəsi və sifariş edilmiş kompüter "Alıcı"nın ünvanına (müəllimin işlədiyi məktəbə) poçt vasitəsilə çatdırılır.
"Alıcı" müqavilə ilə birlikdə ən yaxın poçt şöbəsinə müraciət edərək, müvafiq hesaba hər ay müqavilədə qeyd olunan məbləği ödəyir.