Cənab Xanbuta İbadullayev bizimlə söhbətə BESTCOMP Group haqqında qısa məlumatla başladı:
Şirkətimizin əsası 1995-ci ildə qoyulub. BESTCOMP Group hal-hazırda nəinki Azərbaycanda, hətta bütün Cənubi Qafqazda fəaliyyət göstərən ən nüfuzlu İKT şirkətlərindən biridir. Şirkətimiz ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının üzvüdür. BESTCOMP Group-un əsas fəaliyyət istiqamətləri distribüsiya, layihə həlləri, pərakəndə satış, avtorizə olunmuş servis mərkəzlərinin xidmətlərindən ibarətdir. Dövlət təşkilatlarının, bir sıra özəl və beynəlxalq şirkətlərin proqram təminatı və avadanlıqlarla təchizatı sahəsində şirkətimiz kifayət qədər uğurlu layihələr həyata keçirmişdir.
BESTCOMP Group dünya miqyasında tanınmış iri şirkətlərin Azərbaycanda rəsmi distribütoru və tərəfdaşıdır. Bu barədə bir qədər məlumat verməyinizi istərdik.
Şirkətimiz hazırda HP, Acer, Microsoft, APC, Eaton, Tripplite-ın distribütoru, Oracle, CİSCO və s. kimi nəhəng şirkətlərin biznes tərəfdaşı olaraq onların məhsul və xidmətlərini təqdim edir. BestComp Group Acer, Microsoft, Eaton və Tripplite-ın bir sıra xarici ölkələrdə də rəsmi distribütorudur. Şirkətin nəzdində HP, Acer, Fujitsu, APC, Eaton və Tripplite şirkətlərinin avtorizə edilmiş servis mərkəzləri fəaliyyət göstərir.
İKT üzrə fəaliyyət göstərən 50-dən çox şirkət BESTCOMP Group-un diler şəbəkəsinə daxildir. HP, Acer kimi tanınmış şirkətlərin məhsullarının satışı üzrə ölkədə lider səviyyəsinə yüksəlməyə də, məhz həmin dilerlərlə sıx əməkdaşlıq nəticəsində nail olmuşuq.
Şirkətiniz tərəfindən son dövrlərdə hansı iri layihələr həyata keçirilmişdir?
İlk öncə, onu qeyd etmək istərdim ki, BESTCOMP Group sadəcə avadanlıqların satışı ilə deyil, həmçinin layihə həlləri ilə də məşğul olur. Hər bir çətin layihənin kompleks həllini və açar təslimini həyata keçiririk. Şirkətimiz həm texniki tapşırığı hazır şəkildə təqdim olunan layihələri icra edir, həm də müştərinin tələbləri əsasında layihələr işləyərək kompleks həllər təqdim edir. Buna misal olaraq, bir çox kommunikasiya şəbəkəsinin işlənməsini, "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində "Vətəndaşların elektron sağlamlıq kartı" və "Tibbi müayinə kartı" sistemlərinin yaradılmasını, Dövlət Miqrasiya Xidmətinin mərkəzləşdirilmiş "Vahid Miqrasiya Məlumat Sistemi"nin yaradılmasını, Elektron Muzey Konsepsiyasının tətbiqini, sənəd dövriyyəsi kimi layihələri göstərə bilərik.
2009-cu il oktyabrın 5-dən 9-dək İsveçrənin Cenevrə şəhərində keçirilən "ITU Telecom World - 2009" ümumdünya forumunda Azərbaycan Respublikasını Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi heyət təmsil etmişdir. Heyətin tərkibinə dövlət orqanlarının nümayəndələri ilə yanaşı, İKT sahəsində çalışan şirkətlərin nümayəndələri, o cümlədən Bestcomp Group şirkətinin baş meneceri Rauf Həsənov da iştirak etmişdir. Bestcomp Group şirkəti Elektron Sağlamlıq Kartı sistemini, Elektron Muzey və Elektron Sənəd Dövriyyəsi layihələrini təqdim etmişdir.
BESTCOMP Group-un maliyyə sektoruna təklif etdiyi məhsul və xidmətlər barəsində nə deyə bilərsiniz?
Bu günədək 10-dan artıq aparıcı bankda mürəkkəb HP Integrity və Proliant serverlər, EVO storage qurğuları bazasında etibarlı, biznes kritik sistemlərin layihələndirilməsini, təchizatını və quraşdırılmasını həyata keçirmişik. Bunların sırasında Kapital Bank, Ata Bank, Bank Standard, Azərdəmiryolbank, Bank of Baku, Royal Bank, Muğan Bank, Zamin Bank, Kredo Bank, Azərbaycan Kredit Bankı, Azfinansbank və başqalarını misal göstərə bilərəm. Ən son olaraq proqram təminatı sahəsində dünya nəhənglərindən olan Oracle şirkəti ilə tərəfdaşlıq əlaqələri qurmuşuq. i-FLEX proqram həlləri kimi hazır paketləri də təklif edirik. Bu proqram paketi bankın bütün əməliyyat sisteminin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bundan başqa, sığorta şirkətlərinə sistemin avtomatlaşdırılması üçün proqram həlləri də təklif edirik. Artıq Standard İnsurance sığorta şirkətində həmin proqramı tətbiq etmişik. Bu paketlər sığorta polislərinin buraxılması, təkrarsığorta, maliyyə sisteminin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Təklif etdiyimiz məhsullar arasında həmçinin bütün şirkətlər üçün ERP həllərimiz var. Bu həll satınalma, anbar, maliyyə, insan resurslarının idarə olunması kimi proseslərin mərkəzləşdirilmiş idarəetməsini təmin edir.
Azərbaycanın bank sektorunun İT texnologiyaları və həlləri ilə təchizatı səviyyəsini necə qiymətləndirirsiniz? Bu məhsullara tələb hansı səviyyədədir?
Son dövrlərdə bankların İT məhsul və xidmətlərinə marağı ar-tmaqdadır. Hətta deyə bilərəm ki, bir sıra banklarımız İT məhsullarla təchizat və istifadə baxımından dünyanın qabaqcıl bankları ilə eyni sırada yer alır. Məsələn, "Kapital Bank"da həyata keçirdiyimiz layihələr kifayət qədər böyükdür. Bu tip layihələr MDB ölkələrinin çox az sayda banklarında həyata keçirilib. "Kapital Bank"da Milli kart sisteminin, kart prosessinq mərkəzinin qurulmasında fəal iştirak etmişik.
Qeyd etdiyim kimi, kompüter və telekommunikasiya avadanlığının idxalı, informasiya sistemlərinin, hesablama şəbəkələrinin kompleks şəkildə yaradılması və bunlarla bağlı geniş xidmət çeşidinin təqdim olunması BESTCOMP Group-un fəaliyyətinin əsas istiqamətləridir.
Şirkətin xidmət çeşidinə həmçinin bir sıra şirkətlər üçün 7x24 dəstək xidmətinin göstərilməsi də daxildir. Buraya enerji dəstək xidməti də aiddir. Etibarlı, fasiləsiz enerji təminat sistemlərinin layihələndirilməsi və qurulması da şirkətimizin mühüm fəaliyyət sahələrindən biridir. Güclü 3 fazalı UPS sistemləri mühüm dövlət strukturları, Səhiyyə Nazirliyi, Azercell, Azerfon, Azfinansbank, Unibank, Azəriqazbank, Royal Bank, Muğan Bank, AzTV və s. kimi sifarişçilər üçün qurulub və müvəffəqiyyətlə istismar olunur.
İndicə qeyd etdiniz ki, bir sıra şirkətlərlə daimi dəstək xidməti müqavilələriniz var. Sizin fikrinizcə, İKT üzrə hansı xidmətlərin autsorsinqə verilməsini - peşəkarlar komandasına etibar edilməsini daha məqsədəuyğun hesab edirsiniz?
İlk növbədə deyə bilərəm ki, biz artıq 11 bankda biznes kritikal sistem qurmuşuq ki, bu güclü serverlər vasitəsilə bütün İT əməliyyatlar idarə olunur. Bundan başqa, Unibank-ın bütün filiallarının enerji təchizatının mərkəzləşdirilmiş nəzarət sistemini qurmuşuq. Bu, bankda İT proseslərin idarə olunmasını maksimum asanlaşdırır. Sözsüz ki, bu cür mürəkkəb prosesləri həyata keçirmək üçün yüksək səviyyəli kadrlara ehtiyac var. Biz daim öz əməkdaşlarımızın peşəkarlığının artırılması yönümündə işləyirik. Kurslar, beynəlxalq konfranslar, sertifikatlaşdırma və s. tədbirlər kifayət qədər vaxt və maliyyə vəsaiti tələb edir. Təbii ki, hər İKT sahəsi üzrə çox yüksəkixtisaslı mütəxəssislər yetişdirmək və onların ixtisasartırmasını daim həyata keçirmək çoxlu resurs tələb edir.
BestComp Group işçilərinin ixtisaslarının artırılması üçün böyük investisiyalar lazımdır. Bizim təkcə servis sahəsində 60-dan artıq sertifikatlı əməkdaşımız var.
Bu baxımdan şirkətimizin yüksəksəviyyəli mütəxəssislərinin eyni vaxtda bir neçə şirkətə eyni xidmət göstərməsi müştərilərimizə ucuz başa gəlir və sözsüz ki, konsaltinq və servis xidmətlərini outsorsinq etmək daha məqsədəuyğundur.
Hazırkı dövrdə bazarın fəaliyyət göstərdiyiniz seqmentində rəqabət durmadan artır. Yekun olaraq belə bir sual vermək istərdim: BESTCOMP Group-u rəqiblərindən fərqləndirən, ona üstünlük qazandıran əsas amillər hansılardır?
Bir neçə amili qeyd etmək istərdim. İlk növbədə, şirkətimizin digərlərindən fərqi ondan ibarətdir ki, bizim güclü kadr potensialımız var. Bir şirkətin inkişafı üçün bu, çox mühüm bir amildir. Digər bir üstünlüyümüz avtorizə olunmuş servis mərkəzlərimizin imkanlarının genişliyidir. BESTCOMP Group digər şirkətlərdən fərqli olaraq, eyni zamanda bir neçə şirkətin distribütorudur. Bu da bazara daha effektiv və optimal həllər təklif etməyə imkan yaradır.